FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunu olmuş Mustafa Babanlı liseyin qonağı oldu

27.10.2016

Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı vaxtilə təhsil aldığı Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin qonağı oldu. Görüşdə həmçinin ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, elmi işlər üzrə prorektor, t.e.d. Rauf Əliyarov, Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov, İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov, doktorantura şöbəsinin müdiri, dosent Lətafət Qardaşova, liseyin müəllim və şagirdləri iştirak edti.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Tariyel Talıbov rektor M.Babanlıya dəvəti qəbul etdiyi üçün öz minnətdarlığını bildirib. Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey haqqında qonaqlara məlumat verən T.Talıbov rəhbərlik etdiyi təhsil ocağının Azərbaycanın ilk texniki internat məktəbi olduğunu qeyd edib. 1966-cı ildə yaranan internat məktəbinin sovet dövründə ən nüfuzlu təhsil ocaqlarından biri olduğunu deyən direktor liseyin bu gün də ölkənin dəqiq elmlər sahəsində bir nömrəli məktəblərindən biri olduğunu vurğulayıb.

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdlərinə özü haqda məlumat verən ADNSU-nun rektoru, prof. Mustafa Babanlı bu məktəbin məzunu olduğu üçün fəxr etdiyini bildirib. Uzun müddət sonra doğma məktəbinə gəldiyi üçün çox xoşbəxt olduğunu deyən rektor şagirdlərə burada təhsil aldığı illərdəki xatirələrindən danışdı.

Daha sonra Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin müəllim və şagirdləri üçün ADNSU-nun təqdimatı keçirildi. Universitetdə 10 minədək tələbənin təhsil aldığını bildirən tədris işləri üzrə prorektor Qasım Məmmədov ADNSU-nun maddi-texniki bazası, infrasturkturu haqqında geniş məlumat verib. Xarici universitetlərlə əlaqələr, beynəlxalq təhsil proqramları, startap məktəbi haqqında məlumat verən Q.Məmmədov Azərbaycanda ilk dəfə ADNSU-nun tərkibində yaradılmış Fransız-Azərbaycan Universitetinin tələbələrə ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı verdiyini vurğulayıb.

Sonda dəvəti qəbul edib liseyə gəldiyi üçün M.Babanlıya təşəkkürünü bildirən Tariyel Talıbov bu cür görüşlərin davamlı olacağna inandığını qeyd edti.