FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
Lisey haqqında

Liseyin tarixi

İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya biologiya təmayüllü internat məktəbi yaradılmışdır.

1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika fizika-riyaziyyat və informatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir.

Liseyin fəaliyyəti

Hazırda Liseydə respublikanın bütün bölgələrindən 580 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul  6-cı, 7-ci və 8-ci  sinifi bitirən şagirdlərlə aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var.

Liseyin binasi bir tipli layihə üzrə tikilmişdir, 700 yerlikdir, 33 sinif otağı vardır. Tədris məşğələləri bir növbəlidir. Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli 280 yerlik yataqxana korpusundan , 100 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxanadan (həmçinin oxu zalından) ibarətdir. Liseyin özünün qazanxana və istilik sistemi var.

Hazırda şagirdlərin təlim tərbiyəsi ilə 96 nəfər müəllim və tərbiyəçi məşğul olur. Onlardan 18 nəfəri "Baş müəllim və metodist müəllim " , "metodist tərbiyəçi"dir. Müəllimlərdən 6 nəfəri əməkdar müəllim, təmayül fənləri tədris edən müəllimlərdən 5 nəfəri elmlər namizədidir. Liseyin direktoru fizika-riyaziyyat elmləri namizədi, əməkdar müəllim Tariyel Talıbovdur.

2015-ci ildə lisey əsaslı təmir olunmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 sentyabr 2015-ci ildə liseyin binasında gedən  təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Lisey müəllimlərinin ən böyük uğurlarından biri də yeni yazılmış bir çox dərsliklərin müəllifləri olmalarıdır. Riyaziyyat müəllimləri İ.Hüseynov və M. Kərimov VIII sinif Riyaziyyat , X-XI sinif "Cəbr və analizin başlanğıcı" dərsliklərinin, həmçinin X-XI siniflər üçün "Cəbr və analizin başlanğıcı məsələ və misallar həlli ilə" metodik vəsaitinin müəllifləridirlər. Fəaliyyət göstərdiyi müddətdə lisey öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlmiş, uğurlu nəticələr əldə etmişdir. Demək olar ki, elmin bütün sahələrində və bütün elm ocaqlarında liseyin məzunları yüksək səviyyəli kadrlar kimi fəaliyyət göstərməkdədir.