FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Zəfər Gününə həsr olunmuş "Yaşa, Azərbaycan!" adlı tədbir keçirildi.

06.11.2023

    07 noyabr 2023-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə Zəfər Gününə həsr olunmuş “Yaşa, Azərbaycan!” adlı tədbir keçirildi. Tədbirdə liseyin direktor müavinləri, psixoloq, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

    Tədbir Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsini anmaq üçün elan edilmiş birdəqiqəlik sükutla başladı, daha sonra Dövlət Himni səsləndirildi. Bundan sonra aparıcılar Xe sinif şagirdi Səkinə Səfərzadə və IXç sinif şagirdi Yaşar Məmmədli Zəfər gününə doğru addım-addım irəliləyən Azərbaycan əsgərinin şanlı döyüş tarixinin qısa təsvirini iştirakçıların diqqətinə çatdıraraq, qayaları, sıx meşələri, çətin keçidləri keçərək, düşməni diz çökdürən qəhrəman oğul və qızlarımızın obrazını canlandırmağa çalışdılar.

     Liseyin 7, 8, 9 və 10-cu sinif şagirdlərinin hazırladıqları və tədbir boyu təqdim etdikləri müxtəlif səhnəciklər seyr edənləri həyəcanlandırdı, daha həssas tamaşaçı kəsimini göz yaşlarına qərq elədi. Eyni zamanda, ürəyi döyüşən əsgərlə bir döyünən arxa cəbhə insanının və şəhidlərin yaxınlarının mənəvi əzmkarlığının liseyin 9b sinif şagirdləri (İlknur və Ayan) tərəfindən sözlə təsvirini həyəcansız dinləmək mümkün olmadı.

   Tədbirdə şagirdlərin ifasında səslənən çoşğulu mahnılar, “Sarı gəlin”in rəqslə təqdimi (Svetlana) yaranan kədərli ovqatı bir an da olsa azaldırdı.

     Tədbir şagirdlərin ifasında “Yaşa, Azərbaycan!” mahnısının təqdimi ilə başa çatdı. Tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev sonda çıxış edərək,tədbir barədə təəssüratlarını bölüşdü.

      Liseyin rəhbərliyi adından tədbirin araya-ərsəyə gəlməsində əmək sərf edənlərə - liseyin UBR Nərmin Hüseynzadəyə, psixoloq Sevda Nəbiyevaya,  musiqi müəllimi Sevinc Seyidovaya, müxtəlif səhnəcikləri canlandıran şagirdlərimizə  təşəkkür edir, onlara can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!

       Zəfər Gününüz mübarək! Bu günü bizə nəsib edən şəhidlərimizə Allah rəhmət eləsin!