FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Hüquqların haqqında bil!" layihəsinə yekun verildi.

02.12.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin Dəniz və Enerji hüququ üzrə magistratura pilləsində təhsil alan Eldanə Əliyevanın rəhbərliyi ilə "Hüquqların haqqında bil!" layihəsinə yekun verildi.

Layihənin əsas məqsədi yeniyetmə şagirdlərə hüquqları və vəzifələri haqqında ən zəruri məlumatları çatdıraraq onların cəmiyyətdə sərbəst və özünəinamlı şəkildə davranmaları üçün şərait yaratmaq olmuşdur.

Layihə çərçivəsində Bakı şəhəri Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin 8-ci, 9-cu sinif şagirdlərinə əsas etibarilə "Uşaq hüquqları" olmaqla müxtəlif hüquqi mövzular barədə təlimlər keçirilməsi, həmin mövzular çərçivəsindəki anlayışlar barədə şagirdlərə lazımlı məlumat verilməsi nəzərdə tutulmuşdur.

Keçirilən təlimlərdən sonra qruplara bölünmüş şagirdlər araşdırılan problemləri digər komandalar qarşısında təqdim etmişlər. Layihə gedişatında hüquqi biliklərin öyrədilməsi ilə yanaşı təqdimatlar zamanı şagirdlərə debat, çıxış qabiliyyəti və verilən suallara dolğun cavab vermək vərdişləri də aşılanmışdır.

Daha sonra təlimlərin keçirilmə səviyyəsinin və şagirdlərin bilikləri mənimsəmə dərəcəsinin öyrənilməsi üçün şagirdlər arasında 12 suallıq açıq və qapalı tipli nümunələr olmaqla test imtahanı keçirilmiş və suallara daha çox doğru cavab vermiş ilk 3 yeri tutan şagirdlər diplom və hədiyyələrlə, digər şagirdlər isə sertifikatla təltif edilmişdir.