
"Ekologiya nədir, onun qorunması üçün nələr edilməlidir?" mövzusunda dərs
24.10.2024
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş tədbirlər planına əsasən cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. 24 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi Zeynalova İradə tərəfindən VIIId sinfində “Ekologiya nədir, onun qorunması üçün nələr edilməlidir?” mövzusunda dərs keçirilmişdir. Dərs zamanı şagirdlər ekologiya elmi, canlıların müxtəlifliyi, müxtəlif ekosistemlərin əhəmiyyəti, iqlim dəyişikliklərinin, qlobal istiləşmənin ətrafa təsiri haqqında slaydlar nümayiş etdirdilər. Dərs zamanı şagirdlər tullantılar və onların idarə olunmasına diqqət çəkmişlər. Şagirdlər siniflərdə müxtəlif təyinatlı zibil qablarının vacibliyini, kağız, plastik və qida tullantılarının çeşidlənərək aidiyyəti üzrə təkrar emal müəssisələrinə göndərilməsi təklifini irəli sürdülər.
Sonda bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmiz və dünya üçün əhəmiyyətindən bəhs etmişlər.