
Yaşıl gələcək naminə
04.11.2024
Ətraf mühitin mühafizəsi ümumbəşəri borc olduğundan dünya ictimaiyətinin diqqətini bu məsələyə yönəltmək əsas və ciddi vəzifələrdəndir. Qlobal qarşıdurma və çəkişmələrin dünyada artdığı bir vaxtda iqlim dəyişiklikləri də gələcəyimizlə bağlı ciddi narahatlıqlar yaradır. Azərbaycanın həm iqlim məsələləri ilə məşğul olan dünya səviyyəli COP29-a ev sahibliyi etməsi, həm də ölkəmizdə bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi əlamətdar hadisədir. Qeyd olunan məsələlərlə bağlı 04 noyabr 2024-cü il tarixində liseydə biologiya müəllimi S. Kərimovanın təşkilatçılığı və 9C sinif şagirdlərinin iştirakı ilə “Yaşıl gələcək naminə” adlı tədbir keçirildi. Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyaliyev, psixoloq S.Nəbiyeva, UBR N.Hüseynzadə, müəllimlərdən T.Ələsgərov, R.Məmmədova, S.Seyidova və liseyin şagirdləri iştirak etdilər.
Tədbirin əvvəlində şagirdlər yaşıllıqların qorunması, təbiətin mühafizəsi, dünyada ekoloji şüurun möhkəmləndirilməsi məqsədilə günəş panelləri, külək turbinləri, suni güllərdən enerji istehsalı, su qıtlığı, atmosferin çirklənməsi ilə bağlı hazırladıqları videoçarxları nümayiş etdirdilər. Sonra işğaldan azad edilmiş Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji elan olunduğu ərazilərdə ekosistemin bərpası ilə bağlı “ağıllı şəhər”, “ağıllı kənd” innovativ yanaşmaların tətbiqi, 15 iyun “Dünya Külək Günü”, 16 sentyabr “Beynəlxalq Ozon Qatı Günü”nə aid video-materiallar təqdim edildi, Azərbaycanın təbiəti haqqında mahnı və şeirlər səsləndirildi. Şagirdlərin hazırladığı güşə də tədbirdə nümayış olundu və böyük maraqla qarşılandı.
Azərbaycanın 2026-cı ildə BMT-in 5 iyun “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar keçiriləcək ən böyük platformaya da ev sahibliyi edəcəyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Şagirdlər gələcək fəaliyyətlərində dünyamızın xilası üçün bütün canlıların əlverişli mühitdə yaşaya biləcəyi yaşıl gələcək naminə çalışacaqlarına söz verdilər.