
"Ədəbiyyatın yaşıl nəfəsi" adlı tədbir keçirildi.
05.12.2024
05 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7a sinfinin fəal iştirakı və Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Hüseynovanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Ədəbiyyatın yaşıl nəfəsi" adlı tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev də iştirak etdi. Tədbirin əsas məqsədi şagirdlərin ekoloji şüurunu artırmaq və onları təbiətə qarşı məsuliyyətli davranmağa sövq etmək idi.
Tədbir həm ətraf mühitin qorunmasına çağırış, həm də ədəbiyyat vasitəsilə insan düşüncəsinə təsir etməyin ən gözəl nümunəsi kimi yadda qaldı. Belə ki, tədbir zamanı şagirdlər təbiətin mühafizəsi ilə bağlı müxtəlif yaradıcı fikirlər səsləndirdilər. Onlar slayd təqdimatları vasitəsilə təbiətin bugünkü vəziyyəti, onun qorunması ilə bağlı həlli vacib olan problemlər və ədəbiyyatımızda təbiətlə bağlı yazılmış ən dəyərli əsərlər haqqında məlumat verdilər.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, “gənc nəsil yalnız ədəbiyyatı sevən oxucular kimi deyil, həm də təbiətə biganə qalmayan həssas fərdlər kimi yetişir. Bu kimi təşəbbüslər gənclərin sosial məsuliyyət hissini artırır və onları gələcəyin daha yaşıl dünyası üçün çalışmağa həvəsləndirir”.
Liseyin rəhbərliyi adından 7a sinfinin şagirdlərinə, onların müəllimlərinə və tədbirin təşkilində iştirak edən hər kəsə təşəkkür edirik.