FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Konstitusiya və Suverenlik ili"

15.04.2025
2025-ci il aprelin 15-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ulu Öndərin xarici siyasət kursu: sülh, təhlükəsizlik, inkişaf” mövzusunda açıq dərs təşkil olundu. Tədbirdə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə və 9-cu sinif şagirdləri iştirak etdilər. Açıq dərsi Günay Şərifzadə apardı. İştirakçılar ilk olaraq Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etdilər. Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli liderin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Dərs müddətində tarix müəllimi Günay Şərifzadə slaydlar üzərində qurulmuş təqdimat vasitəsilə şagirdlərə Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin formalaşması və beynəlxalq münasibətlər sistemində yeri ilə bağlı apardığı çoxşaxəli xarici siyasət xətti barədə ətraflı məlumat verdi.
Tədris prosesi interaktiv xarakter daşıyaraq şagirdlərin aktiv iştirakı ilə diskussiya formatında davam etdi. Şagirdlər Azərbaycanın xarici siyasətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kursun davamlılığı və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılması məsələlərinə toxundular. Onlar həmçinin beynəlxalq təşkilatlarla qurulan münasibətlərə dair biliklərini paylaşdılar.
Tədbirin sonunda Ulu Öndərin xarici səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə – Türk dünyası” adlı sənədli film nümayiş olundu, bununla da dərs həm elmi-praktik, həm də vizual informasiya ilə zəngin bir formatda başa çatdı.