FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Son zəng

14.06.2025

14 iyun 2025ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə ənənəvi olaraq "Son zəng" tədbiri keçirildi. Liseyin həyətində təşkil olunan tədbirdə müəllimlər, valideynlər, məzunlar və məktəbin digər şagirdləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunu birdəqiqlik sükutla yad edilməsilə başlandı. Ardınca liseyin direktoru Elçin Məmmədov,direktor müavinləri Valeh Bəyalıyev, Şəhla Alqayeva,  müəllimlər və valideynlər çıxış edərək, məzunları bu əlamətdar gün münasibətilə təbrik etdilər. Onlara həyat yollarında uğurlar arzuladılar.

Məzunlar isə çıxışlarında liseyin onlara verdiyi bilik və dəyərlərə görə minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, bu təhsil ocağı onlara təkcə elmi biliklər deyil, həm də düşünməyi, araşdırmağı və heç vaxt təslim olmamağı öyrədib.

Tədbir zamanı şeir kompozisiyaları və rəqs nümayişləri tədbirə xüsusi emosional rəng qatdı. Kiçik yaşlı şagirdlərin məzunlara etdikləri vida çıxışları isə duyğulu anlara səbəb oldu.

Günün ən yaddaqalan anı isə məzunlar üçün son zəngin səslənməsi oldu. Bu zəng – uşaqlıq və məktəb illərinə vida, eyni zamanda yeni həyat mərhələsinə doğru atılan addımın simvolu idi.

Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyinin bütün kollektivini və məzunlarını bu əlamətdar gün münasibətilə təbrik edir, məzunlara gələcək həyatlarında uğurlar arzulayırıq.