FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasından xüsusi mükafatla qayıdıb

25.04.2017

Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində keçirilən 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO-European Girls Mathematical Olympiad) azərbaycanlı şagirdlər də iştirak ediblər. Bilik yarışmasına ABŞ, Yaponiya, Hindistan, Braziliya, Rusiya, Ukrayna kimi 43 ölkədən 172 şagird qatılıb. Mötəbər bilik yarışında ikinci dəfədir ki, iştirak edən Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.  X sinif şagirdi  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan “Honourable Mention” sertifikatına layiq görülüb. Nəzrin  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvüdür.

Nəzrin Fərziyeva: 2001-ci il mayın 12-də Bakı şəhərində anadan olub. 2007-ci ildə 162 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinfində oxuyur. 
- Uşaqlıqdan riyaziyyat fənninə marağım olduğu üçün VII sinifdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyə imtahan verdim. Liseyə daxil olduğum vaxtdan riyaziyyatla daha ciddi məşğul olmağa başladım. VIII sinifdə olimpiada qrupuna seçildim. IX sinifdə oxuyarkən Rumıniyada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında ilk dəfə 4 nəfərlik qrupla iştirak etdik. Nəticəmiz uğurlu olmasa da, bilik yarışmasında çox faydalı təcrübə qazandıq. Birillik ciddi hazırlığın nəticəsində bu il İsveçrədə keçirilən EGMO-da həvəsləndirici sertifikatla təltif olundum. Olimpiada çox yüksək səviyyədə təşkil olunmuşdu. Bizə stimul verən məqamlardan biri də digər ölkələrin nümayəndələri ilə olan müzakirələrimiz oldu. Hazırlıq mərhələsində bizə dəstək olan müəllimlərimizə və ailəmə təşəkkürümü bildirirəm. Önümüzdəki digər olimpiadalarda yüksək nəticələr göstərməyə və ölkəmizi daha layiqli təmsil etməyə çalışacağam.