FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Mənim rəngli düşüncələrim"

25.05.2017
Həyat qəribəliklərlə dolu maraqlı bir nağıldır. Bəzən bu nağılların işində hər birimiz uşaq kimi itmək istəyirik. Çünki uşaqların dünyası biz böyüklərin dünyasından daha maraqlı ,daha təmiz, daha rəngarəngdir. Bu rəng dünyasında isə hər uşağın öz kiçik dünyası var. Belə uşaqlardan biri də Fizika riyaziyyat və informatika təmayüllü liseyin olimpiada sinfinin şagirdi Fuad Anzurovdur. Onun riyaziyyat təhsili almasına baxmayaraq incəsənətə olan marağı , rənglərə olan meyli onda olan rəsm qabiliyyətini hər kəsə göstərmişdir .Riyaziyyatla yanaşı gözəl rəssam olan Fuadın əsərlərində həmdə təfəkkürünün fəlsəfi mənaları əks olunmuşdur.
 24 may 2017-ci il tarixində Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyinin VIII sinif şagirdi gənc rəssam Fuad Anzurovun "Mənim rəngli düşüncələrim" adlı fərdi rəsm sərgisi keçirilmişdir. Fuad 4 yaşından rəsmlə məşğul olur və Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvüdür. Müəlllimi rəssam Nərmin Abdullayevadır. Bu Fuadın ikinci fərdi rəsm sərgisidir. Birinci dəfə sərgi 10 yaşında keçirilmişdir. Gənc rəssam öz rəsmlərində milli üsluba, qrafikaya daha çox üstünlük verir. Onun işlərində daha çox isti rənglərə rast gəlinir.Fuadın əksər kompozisiyaları mürəkkəbdir, lakin çox səliqəlidir və asan qəbul edilir. Gənc rəssam həm respublika daxili, həm də beynəlxalq rəsm müsabiqələrində iştirak edir. Bu sərgilərdən uğurlar qazanıb.
Sərgidə Fuadın 30 rəsm əsəri nümayiş olundu. Burada həm sulu boya, həm də yağlı boya ilə işlənmiş rəsm əsərləri var idi. Rəsmlər bir-birindən mövzuca fərqli və maraqlı idi. Sərgidə bir çox qonaqlar, müəllimlər və məktəb şagirdləri iştirak edirdi.Çıxış edən qonaqlar Fuad Anzurovu təbrik edib, ona gələcək yaradıcılığında uğurlar arzuladılar.