FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil ("Education 2017") sərgisinin açılış mərasimi keçirilib.

06.10.2017

Oktyabrın 6-da  Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.

İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

2017-2018-ci tədris ilinin "Təhsildə Kdeyfiyyət ili" elan edildiyini xatırladan Mikayıl Cabbarov bu hədəfin təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, 21-ci əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirmək məqsədi daşıdığını bildirib.

Təhsil naziri qeyd edib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi  12 indikatordan  9-u üzrə yaxşılaşıb. Ölkəmiz ali təhsil və təlim üzrə 10 pillə irəliləyərək 68-ci, innovasiya üzrə  33-cü yerdə   qərarlaşıb. Son illərdə bu, təhsil sahəsində aparılan uğurlu işlərin statistik  göstəricisidir.

           Sərgidə  ölkəmizin 17 ali təhsil müəssisəsinin stendləri yer alır. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.