
"Qabaqcıl Təhsil İşçisi" və "Əməkdar müəllim" Səfərov Şəmsi
09.10.2017
Səfərov Şəmsi İldırım oğlu 1965-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1981-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbini bitirmiş və həmin il V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Tələbələr arasında keçirilən respublika (3dəfə) və Ümumittifaq riyaziyyat olimpiadalarında (2 dəfə) uğurla çıxış etmişdir.
Pedaqoji fəaliyyətə 1985-ci ildə Ağdam rayonunda başlamışdır. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuş, sonra anadan olduğu rayonda riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən respublikanın qabaqcıl təhsil ocaqlarından biri olan Fizika-riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat müəllimi işləyir.
Liseyin tədris proqramlarının hazırlanmasında və təkmilləşdirilməsində fəal iştirak etmiş, metodbirləşmə iclaslarında aktual mövzular üzrə çıxışlar etmişdir. "Matematika v şkole" jurnalının "Zadaçi" bölməsinin fəal iştirakçısı olmaqla bərabər, həmin bölmədə 15 orijinal çalışması dərc edilmiş və təklif etdiyi xüsusi həll üsulları yüksək səviyyəli mütəxəssislərin diqqət mərkəzində olmuşdur. "Fizika,riyaziyyat və informatika tədrisi" elmi-metodiki jurnalında çoxsaylı məqalələri və özünəməxsus həll üsullarına malik çalışmaları dərc olunmuşdur.
Dərs dediyi şagirdlər:
•respublika riyaziyyat olimpiadalarında yüksək nəticələr göstərmişdir (2009-cu ildə II yer, 2010-cu ildə II yer, 2014-cü ildə 2 nəfər II yer, 2015-ci ildə 1 nəfər I yer-qızıl medal; 2016-cı ildə 4 nəfər II yer-gümüş medal; 5 nəfər III yer-bürünc medal; 2017-ci ildə 2 nəfər gümüş; 5 nəfər bürünc medal);
•beynəlxalq riyaziyyat olimpiadalarında-EGMO-da komandamızın tərkibində iştirak etmişlər (2016 və 2017-ci illər); EGMO-da 1 həvəsləndirici mükafat JBMO(2017)- 1 nəfər bürünc medal almışdır;
•şagird elmi cəmiyyətinin elmi konfraslarında uğurla çıxış etmişlər (2006-cı ildə 1 nəfər I yer,1 nəfər III yer və 2013-cü ildə 8 nəfər);
•"Matematika v şkole" jurnalının "Zadaçi" bölməsinin fəal iştirakçıları olmuşlar;
•M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdindəki qiyabi riyaziyyat məktəbinin ("Malıy mexmat") şagirdləri olmuşlar (4 nəfər);
•Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" əsasında Təhsil Nazirliyinin təşkil etdiyi riyaziyyat olimpiadalarında dəfələrlə respublika üzrə ən yüksək nəticələr göstərmişlər;
•ali məktəblərə qəbulun nəticələrinə görə yüksək bal toplamışlar (o cümlədən 2010-cu ildə 1 nəfər 700 bal), bir neçəsi Prezident təqaüdçüsü olmaqla, respublikanın və xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alırlar;
•"Qafqaz" universitetinin və digər təhsil müəssisələrinin azərbaycanlıların beynəlxalq həmrəylik günü, Novruz bayramı, Respublika günü münasibəti ilə keçirdikləri "Riyaziyyat-məntiq" olimpiadalarında və digər bilik yarışlarında yüksək nəticələr göstərmişlər.
Respublika riyaziyyat olimpiadasında münsiflər heyətinin üzvü (2014),”Ən yaxşı müəllim” müsabiqəsində ekspert (2014), TN-nin təşəbbüsü ilə Bakı və Sumqayıt şəhərləri üzrə keçirilən üç mərhələli fənn müsabiqəsində işçi qrupun rəhbəri (2014),TN-nin sifarişi əsasında yazılmış “Riyaziyyat-7-çalışmalar”(2015) və “Riyaziyyat-6-çalışmalar”(2016) dərs vəsaitinin həmmüəllifidir.
Təhsil Nazirliyinin sifarişi ilə 6-cı siniflər üçün riyaziyyatdan qiymətləndirmə materiallarını hazırlayan işçi qrupun üzvüdür (2016) .
Qazaxıstanda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında komandanın rəhbəri olmuşdur (2016).
Rumıniyada keçirilən Avropa Beynəlxalq Qızlar Olimpiadasında (EGMO-2016.Rumıniya) komandanın rəhbəri olmuşdur.
• “Qabaqcıl Təhsil İşçisi” və “Əməkdar müəllim”(2015) fəxri adlarına layiq görülmüşdür.
•Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olmuşdur (2017-Riyaziyyat olimpiadarına hazırlıq üçün əsas vəsait).
Hal-hazırda fəaliyyətini Fizika-riyaziyyat və informatika təmayüllü liseydə davam etdirir.