FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan İstiqlal Muzeyi "Narkomaniya - bəşəriyyətin bəlası" mövzusunda tədbir keçirib

01.11.2017

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Narkomaniya - bəşəriyyətin bəlası” mövzusunda tədbir keçirilib.Əməkdaşının da iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Fəxriyyə Əliyeva narkomaniya və bu problemin fəsadlarından bəhs edib, məlum problemin qarşısını almaq üçün maarifləndirici tədbirlərin önəminə diqqət çəkib.

F.Əliyevanın çıxışından sonra “Narkomaniya-bəşəriyyətin bəlası” adlı film nümayiş olunub. Filmdən sonra söz məruzəçi qismində tədbirə dəvət alan “Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polis polkovniki, tanınmış hüquqşünas Şəmsəddin Əliyevə verilib.

Çıxışında öncə narkomaniyanın tarixinə nəzər salan Ş.Əliyev, daha sonra bu problemin yayılma səbəblərinə aydınlıq gətirib, ona qarşı mübarizənin vacibliyinə toxunub. Hüquqşünas bildirib ki, bu gün narkotik maddələrin qanunsuz dövriyyəsində maraqlı olan bəzi iri dövlətlər var ki, onlar üçün narkotik maddələrin satışı böyük gəlir mənbəyi deməkdir:

“Narkomaniyaya qarşı ən effektiv mübarizə vasitələrindən biri heç şübhəsiz ki, satış bazarının bağlanması olar ki, bu da hazırkı reallıqda mümkün deyil. Çünki bu gün yaşadığımız dünyada narkotik maddələrin qanunsuz dövriyyəsindən milyardlarla vəsait əldə edən dövlətlər var ki, onlara bu bazırın bağlanması əsla sərf etmir. Onlar üçün narkotik maddələrin dövriyyəsi külli miqdarda vəsait deməkdir. Məhz bu səbəbdən də bu gün dünyada narkotik vasitələrin ən böyük bazarı sayılan Əfqanıstanda narkotik maddələrin yetişdirilməsi və satışı əvvəlki vüsətlə davam edir. Narkotik ixracı ilə məşğul olan bir sıra ölkələrdə də eyni acınacaqlı mənzərə mövcuddur”.

“Təcrübə göstərir ki, əksər hallarda yeniyetmələrin narkotikdən istifadəyə qurşanması çox vaxt siqaretdən başlayır. Belə ki, yeniyetmələr öncə siqaretə maraq göstərirlər. Onlar siqaretin zərərini lazımınca dərk etmədikləri üçün bu, onlara adi gəlir. Bundan sonra bəzilərində narkotik maddələrdən istifadəyə də maraq yaranır. Hansı ki, sonrakı prosesdə bu maraq ciddi asılılığa çevrilir. Elə bir asılılığa ki, həmin yeniyetmə öz həyatını narkotiksiz təsəvvür edə bilmir”.

“Narkomaniya özü-özlüyündə ciddi bir problem, böyük bir bəla olmaqla yanaşı, həm də öz növbəsində digər cinayətlərə də yol açır. Belə ki, narkotik asılılığı olan bir çox şəxslər narkotik almaq üçün əksər hallarda öz evlərindən, ailələrindən irili-xırdalı oğurluqlar edir, ailə üzvlərinin qızıl-ziynət əşyalarını dəyər-dəyməzinə satmaqla pul ələ etməyə çalışırlar. Əksər hallarda onların evdən etdiyi bu oğurluqlardan ailə üzvləri xəbər tutsa da, valideynlər bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Lakin bir gün elə bir an gəlib çatır ki, narkoman aşkar şəkildə bıçağı doğma anasının boğazına dirəyərək onun boynundakı qızıl boyunbağını tələb edir. Yəni, narkomaniya insanı hər cür oğurluğa sövq etməklə yanaşı, onunla ailə üzvləri, yaxın çevrəsi və cəmiyyət arasındakı mənəvi bağı da qırır, onlar arasında uçurum yaradır”.

Ş.Əliyev məruzəsində DİN-narkomaniyaya qarşı apardığı mübarizəyə də toxunub. Hüquqşünasın sözlərinə görə, hər il xeyli sayda şəxs narkotik maddələrin satışına və istifadsinə görə daxili işlər orqanları tərəfindən məsuliyyətə cəlb edilir:

“Narkomaniyaya qarşı ölkəmizdəki bütün hüquq-mühafizə orqanları ciddi mübarizə aparır. Bu mübarizədə DİN-nin əməyini xüsusilə qeyd etməyi lazım bilirəm. Bu qurumun naromaniyaya qarşı mübarizədəki xidmətləri danılmaz. Hər bir vətəndaş televiziya və digər media orqanlarının vasitəsi ilə DİN-nin il ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xeyli sayda qrup və şəxsi zərərsizləşdirərək məsuliyyətə cəlb etdiyinə şahid olur. DİN narkomaniyaya qarşı mübarizə çərçivsində həm də mütəmadi profilaktiki tədbirlər həyata keçirir ki, bu da narkomaniyanın yayılmasını önləmək üçün mühüm əhəmiyyət kəsb edir. Insanlarımız polis əməkdaşlarının apardığı bu yorulmaz mübarizənin əhəmiyyətini dərk etməli, bu cinayətkar qrupların ifşa olunmasında polisə kömək etməlidirlər”.

Ş.Əliyevin məruzəsindən sonra çıxış edən liseyin direktor müavini Valeh Bəyalıyev narkomaniyanın daha çox 14-35 yaşlı şəxslər arasında yayılma riskinin daha böyük olduğunu vurğulayıb:

“Narkotik asılılığından əziyyət çəkən şəxslərə müxtəlif yaş qruplarında rast gəlinsə də, 14-35, xüsusilə də 14-26 yaş qrupundakı şəxslər arasında bu bəlanın yayılma riski daha böyükdür. Bu, həmin yaş kateqoriyasında olan şəxslərin narkotik maddələrdən istifadəyə digər yaş qruplarındakı insanlardan daha çox maraq göstərməsi ilə bağlıdır.

Yeniyetmələr arasında narkomaniya və digər zərərli vərdişlərin yayılmasının qarşısını almaq üçün ailə və məktəb birlikdə səy göstərməli, valideyn və müəllimlər bu məsələdə öz qüvvələrini birləşdirməlidir. İmkan daxilində yeniyetmələr ətrafında elə bir dairə formalaşdırmaq lazımdır ki, onlar kənar təsirlərə düşərək zərərli vərdişlərə yiyələnməsin”.