
B.Vahabzadənin "Vətəndaş" şeirinin təhlili mövzusunda açıq dərs
13.12.2017
Respublikamızda yerləşən pilot məktəblər sırasında Fizika, riyaziyyat və informatika təmayüllü lisey təhsildəki uğurları və yetişdirdiyi şagirdlərin bilik və bacarıq səviyyəsinə görə həmişə öndə olmuşdur.
Liseydə tədrisin keyfiyyətinin yüksək olması təsadüfi deyil.Qədim ənənələr yeni innovasiyalarla birləşir,təlim peşəkar səviyyədə təşkil olunur. Müəllimlər işlərində əzmlə çalışır,öz təcrübələrini bölüşür, mənəvi övladlarına bilik və bacarıqlarını ötürməkdə xəsislik etmir, əksinə bu işdən təhsil fədailəri kimi ruhən həzz alırlar.
Doğru söyləyirlər ki, hər hansı bir uğura imza atmış şagirdin arxasında bir müəllim dayanır.Bu ad ölkəmizidə həmişə şərəflə çəkilir, qədirşünaslıqla yad edilir. “Mən müəllimdən yüksək ad tanımıram” deyən Ulu öndər H.Əliyevin kəlamı isə bu mövzuya bariz möhürdür.
Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleyman Baxışəlioğlunun 7b sinfində ədəbiyyat fənnindən tədris etdiyi B.Vahabzadənin “Vətəndaş” şeirinin təhlili mövzusundakı açıq dərsi interaktivliyi ilə diqqət çəkdi. Yaradıcı əməyin məhsulu olan dərs dinamikliyi və interaktivliyi ilə yanaşı , həm də inteqrativliyi ilə də seçilirdi.Fəal dərsin mövzusu həyat bilgisi, tarix , Azərbaycan dili fənləri ilə əlaqəli şəkildə təhlil olundu.Təhlil zamanı yaradıcı və məntiqi təfəkkürün inkişafına yönələn sualların ekspromt şəkildə verilməsi şagirdlərdə idrak fəallığı oyadır, onları düşünməyə sövq edirdi.
Dəstəkləyici mühitin yaradılması şagirdyönümlülük,proses boyu stimulverici üsullar müəllimin uğurlu addımı idi.
İnanırıq ki, bu dərsdə müəllim məqsədinə çatmağı bacardı.Şagirdlərində bədii-estetik tərbiyə aşılaya bildi.Onlar vətənpərvərlik və təəssübkeşlik hislərini dərinləşdirdi, vətəndaşlıq borcu haqqında təsəvvürlərini genişləndirdi.Şagirdlərin canlı çıxışlarından o da aydınoldu ki, onlar körpə qəlblərində doğma vətənimizin gözəlliyi və müstəqilliyi ilə bağlı qürur hissi keçirdirlər və bunu açıq bəyan edirlər.Dərsin əvvəllindəki tutarlı motivasiya (monitorda”Koroğlu”üvertürası səslənmişdi) öz bəhrəsini vermişdi.
Onu da qeyd etmək lazımdır ki,son dövrlərdə mütaliəyə,bədii ədəbiyyata qarşı oxucu qıtlığı yarandığı zamanda belə dərslərin müstəsna xidməti danılmazdı.Bu,əsl bir vətəndaş ziyalının vətəndaşlıq borcu idi.Bu borc vətən üçün,sözün əsl mənasında,əsl vətəndaşlar yetişdirilməklə ödənirdi.