FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Beynəlxalq Olimpiadalara seçim imtahanı

30.09.2018

Beynəlxalq Elm olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə 30 sentyabr 2018-ci il tarixində I seçim turu  keçirilmişdir. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 45 tapşırığa cavab axtarıblar. Ölkənin hər bir bölgəsindən  təxminən 1200  şagirdin iştirak etdiyi I seçmə imtahanın nəticəsinə əsasən 20 ən yaxşı şagird seçilərək hazırlıq prosesinə cəlb ediləcəklər. Oktyabr ayının sonunda 20 şagird arasında keçiriləcək II seçmə turun nəticəsinə əsasən ölkəni təmsil edəcək 6 şagird müəyyən ediləcəkdir. Xatırladaq ki, yeniyetmələr arasında keçirilən 15-ci Beynəlxalq Elm Olimpaidası (İJSO 2018) 2-11 dekabr tarixlərində Botsvana Respublikasında (Afrika qitəsi) təşkil ediləcəkdir.

Bundan bir gün əvvəl, yəni 29 sentyabr 2018-ci il tarixində hər tədris ilinin əvvəlində ənənəvi olaraq həyata keçirilən beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçimi həyata keçirilmişdir. Fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə  keçirilən seçmə imtahanlarında ölkənin bütün bölgələrindən ümumilikdə 1600 şagird iştirak etmişdir. İnformatika fənni üzrə seçim imtahanı oktyabr ayının ilk yarısında təşkil ediləcəkdir.