FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan müəllimlərinin XV qurultayı

28.11.2018

28.11.2018-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi.

XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb.

Təhsil naziri hesabat məruzəsi ilə çıxış etdi.

Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

Xatirladaq ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə isə 5-ci qurultayıdır.

Qurultayda Prezident İ. Əliyevin sərəncamı ilə fəxri ad almış müəllimlərin mükafatlandırılması mərasimi də keçirildi. Fəxri ad alan müəllimlərdən biri də  bizim Liseyin coğrafiya müəllimi Hacıyeva Sülhiyyə Əliyar qızıdır.

 Uzunmüddətli, səmərəli işinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi önəmli fəaliyyətinə görə Hacıyeva Sülhiyyə Əliyar qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Liseyin rəhbərliyi və pedaqoji heyət onu təbrik edir, ona can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayır.