FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Gəlin birlikdə oxuyaq"

24.04.2019

   Deyirlər, kitablar insanlara çox bənzəyir. Hər kitab bir insandır, bir taledir. Onların hər biri bizi öz sehrinə alıb, dünyanın sirlərini həzin nəğməsi ilə bizə pıçıldaya bilər. Kitab oxuduqca insan daha da təkmilləşir, pis vərdişlərdən əl çəkməyə çalışır, oxu zamanı qazanılan informasiyalar yaddaşı möhkəmlədir, mütaliə mədəniyyətini artırır. Elə kitab oxuma prosesini təşviq etmək məqsədilə 23.04.2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin akt zalında biologiya müəllimi Südabə Kərimova və VIIIC sinif şagirdlərinin təşkilatçılığı ilə “Oxu günü”nə həsr olunmuş “Gəlin birlikdə oxuyaq” adlı tədbir keçirildi.

 Tədbir iştirakçıları, əvvəlcə, “Oxu günü”nün keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil naziri C. Bayramovun imzaladığı əmrlə tanış oldular.

Tədbirdə şagirdlər kitab oxumağı təbliğ edən müxtəlif fraqmentlər hazırlamışdılar. Bununla yanaşı, mütaliə mədəniyyətini özündə əks etdirən videoçarxlar da (“Kitab oxumağın faydaları”, “Təhsil millətin gələcəyidir”, “Təhsil dünyanı dəyişə bilər”, “Kitab nədir”) nümayiş etdirildi və sürətli oxu ilə bağlı yarış da keçirildi. Yarışın qalibi (Muradlı Davud Pənah oğlu - VIIIb) hədiyyə ilə - kitabla mükafatlandırıldı.

Tədbirin sonunda şagirdlər “Kitab oxuyaq” başlıqlı flaşmob etdilər və direktor müavinləri uşaqlara uğurlar arzuladılar.