FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Gənc Lider ekoloqların IV Ekoloji Forumu

02.05.2019

30 aprel 2019-cu il tarixində ADA Universitetində “Yaşıl Şəbəkə” illik ekoloji maarifləndirmə proqramı çərçivəsində Gənc Lider Ekoloqların IV Ekoloji Forumu keçirilib. 

Toplantıda məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, 2015-ci ildən etibarən fəaliyyətə başlayan “Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların aşılanması və “Ekoklub” liderlərinin builki fəaliyyətinə dair təcrübə mübadiləsinin təmin edilməsi idi.
Forumda Bakı şəhəri və 27 müxtəlif rayon UGİM-lərində fəaliyyət göstərən 2600 “Ekoklub” üzvləri arasindan seçilmiş 120 məktəbli liderlər iştirak edirdi. 
Forumun rəsmi açılışında Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavin Novruz Quliyev, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, RUGİM-in direktoru Firuzə Sultanzadə çıxış etdilər. 
Toplantı “Ekoklub” liderlərinin bir illik fəaliyyət hesabatı və onların BMT tərəfindən müəyyən edilən 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı təkliflər paketinin təqdimatına dair sessiya ilə davam etdirilib. 

Fizika-riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən “Ekoklub”un illik fəaliyyəti barədə həmin liseyin VIIIb sinif şagirdləri Davud Muradlı və İlqar Kərimli hesabat xarakterli videoçarx hazırlayaraq, toplantı iştirakçılarına təqdim ediblər.
Forumda məktəblilər həmçinin ADA Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AzEkol şirkəti tərəfindən birgə həyata keçirilən “Təmiz Ölkəm” layihəsi ilə tanış olublar. Layihə plastik kütlənin zərəri barədə ictimaiyyәt arasında maariflәndirmә tədbirlərinin aparılması, plastik qabların toplanaraq tәkrar emala göndәrilmәsi və beləliklə də, onların yaratdığı tullantı hәcminin azaldılmasına xidmət edirdi. 
Forumun sonunda gənc ekoloqlar üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə, SOCAR Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyasına və AzEkol şirkətinə tanışlıq məqsədilə ekskursiyalar keçirilib. Sonda Forum iştirakçıları diplomlarla təltif olunub.

Qeyd edək ki, Forumun aparıcısı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIIb sinfinin şagirdi Fatimə Nəsirova idi.