FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

RƏQƏMSAL ÖDƏNİŞİN ƏHƏMİYYƏTİ

03.06.2019

03.06.2019-cu il tarixində FİZİKA-RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ LİSEYDƏ 2018–2020-ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI İLƏ ƏLAQƏDAR ŞAGİRD VƏ MÜƏLLİMLƏRLƏ BİRGƏ MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLDİ.

Tədbirin keçirilməsində əsas məqsəd müəllim və şagirdlərin  rəqəmsal ödənişlər sahəsindəki maliyyə savadlılığının yüksəldilməsi idi.

Tədbir zamanı Liseyin müəllimlərindən Bəxtiyar İzzətov və Valid Məhərrəmov “Rəqəmsal ödənişlər” haqqında  şagirdlərlə məlumat xarakterli söhbətlər etdi, onları maraqlandıran sualları cavablandırdılar.

Əvvəlcə  Liseyin fizika müəllimi, fəlsəfə doktoru Bəxtiyar İzzətov “Rəqəmsal ödənişli xidmətin tarixi və onun yaranması zərurəti” barədə iştirakçılara məlumat verdi. Bəxtiyar müəllim xüsusi olaraq, qeyd etdi ki, bu, iki tərəf  arasında şəffaf bir prosedura olub ödənişin minimal risklə həyata keçməsini təmin edir. Nəğd ödənişdən  fərqli olaraq, rəqəmsal ödənişlərdə müəyyən labüd itkilər ən az miqdarda həyata keçir.

Daha sonra Bəxtiyar müəllim rəqəmsal ödənişin coğrafiyası haqqında geniş məlumat verdi: “Dünyada, təqribən, 493 milyon insan hesab açıb. Bütün dünyada  

1,7 milyard insanın maliyyə sistemlərinə çıxışı yoxdur. Bəzi insanlar var ki, onlar onlayn ödənişi qəbul etmir, nəğd ödənişə üstünlük verirlər. Azərbaycanda əksəriyyət ödənişi nəğd edir. Onlayn ödəniş Azərbaycanda daha səmərəlidir. Əsasən ödənişlər 83% nəğd şəkildə, 4- 5 % isə kartla aparılır. Norveç və İsveçdə isə 80- 85% rəqəmsal ödənişlə , 15- 20 % nəğd şəkildə edirlər. Çində isə son illər əsasən möbildən ödəmələr edirlər”.

Liseyin informatika müəllimi Valid Məhərrəmov da bu mövzuda şagird və müəllimlərlə öz fikirlərini bölüşərək, qeyd etdi ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafına təkan verir, biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur. Hazırda beynəlxalq hesabatlara görə, "dünyanın 100 nağdsız şəhəri" siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə, təxmin edilən ümumi gəlir 1.9 milyard dollar, o cümlədən, istehlakçının gəliri 0.1 milyard dollar, biznes gəlirləri 1.4 milyard dollar, hökumətin gəlirləri 0.4 milyard dollar artar.

Daha sonra Valid müəllim Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də məlumat verdi: “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanmışdır. Dövlət Proqramının məqsədi ölkəmizdə nağdsız ödəniş mühitinin 

genişləndirilməsi və nağd dövriyyənin həcminin azaldılmasıdır. Proqramın əsas istiqamətləri rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılmasıdır”.

Tədbir müzakirələr və qarşılıqlı diskussiya ilə başa çatdı.