FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məktəblilərarası "Riyaziyyat Liqası"nın qalibləri

04.06.2019

01 iyun 2019-cu il tarixində Bakı Ali Neft Məktəbinin və “ROOF Academic Training” mərkəzinin dəstəyi və Riyaziyyat klubunun təşkilatçılığı ilə məktəblilərarası “Riyaziyyat Liqası” adlı yarışma keçirildi. Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da iştirak etdi.

Tədbirin keçirilməsində əsas məqsəd Bakı Ali Neft Məktəbini tanıtmaq, Universitetin şagirdlər üçün daha faydalı və əlçatan bir təhsil ocağı olması prosesində yaxından iştirak etmək və Ali Məktəbdə Riyaziyyat klubunun fəaliyyətini genişləndirməkdir.

Tədbir proqramı iki hissədən ibarət nəzərdə tutulmuşdu: birinci hissəyə riyaziyyat və məntiq suallarından ibarət olimpiada, ikinci hissəyə isə Bakı Ali Neft Məktəbinin Bibiheybət kampusunda gəzinti daxil idi.

Tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Zəkalar liseyi, 6 nömrəli tam orta məktəb, İ.Əfəndiyev adına Elitar gimnaziya və s. kimi Bakının ən nüfuzlu məktəblərinin 8 və 9-cu siniflərində təhsil alan şagirdlər iştirak edib. Yarışmada iştirak edən bütün iştirakçılara Bakı Ali Neft Məktəbi və Riyaziyyat Klubunun sponsor olan “ROOF Academic Training” mərkəzi tərəfindən hədiyyələr verilib.

Ümumilikdə 24 komandanın qatıldığı yarışmanın yekununda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri fərqlənərək, ilk 4 yeri qazanmış və sertifikatlarla mükafatlandırılmışlar.

Şagirdlərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!