FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Nəsimi ili"nə kiçik bir töhfə

03.12.2019

   Fizika, riyaziyyat və informatika təmayüllü liseyin tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məhəmməd oğlu Məmmədovun “İmadəddin Nəsiminin lesikası oğuz dilləri kontekstində” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitabın elmi redaktoru: AMEA Nəsimi adına Dilçilik İnstitutunun dil tarixi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva, rəyçilər: AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qızılgül Abdullayevadır.

    Qeyd edək ki, bu monoqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 23 sentyabr 2019-cu il tarixli qərarı ilə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə elan etdiyi “Nəsimi ili”nə kiçik bir töhfədir.

   Kitabın “Giriş” hissəsində Türkologiyada Nəsiminin əsərlərinin dilini araşdıran tədqiqatçıların əsərləri xronoloji ardıcıllıqla təhlil edilmiş və nəticə olaraq, müəyyən olunmuşdur ki, şairin dili daha çox azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Digər türkdilli respublikalarda isə şairin əsərlərinin bədii tərtibatı, nəşri diqqətdə saxlanmışdır.

     Monoqrafiyanın əsas hissəsini Nəsiminin dilində işlənmiş türk mənşəli ümümi isimlərin və feillərin oğuz qrupu türk dillərinin materialları ilə müqayisəli təhlili təşkil edir. Belə ki, müəllif I fəsildə türk mənşəli ümumi isimləri, II fəsildə isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək, oğuz qrupu türk dilləri ilə müqayisə etmişdir.

Müəllif bu kitabda, eyni zamanda, köhnəlmiş isimləri və feilləri də tədqiqata cəlb etmiş, onların bir qisminin dialekt və şivələrimizdə indi də işləndiyini üzə çıxarmışdır.

   Xatırladaq ki, Elçin Məmmədov 2019-cu il may ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçiirlmiş Elmi sessiyada, 11 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində keçirilmiş “Nəsimi və intibah ideyaları” adlı Respublika Elmi konfransında, 29 noyabr 2019-cu il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçirilmiş “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” Respublika Elmi konfransında Nəsiminin dili ilə bağlı məruzələr etmişdir.

     Müəllifə gələcək işlərində uğurlar arzulayırıq!