FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Azərbaycan qəhrəmanı" adlı virtual düşərgə

22.07.2020

20 iyul 2020-ci il tarixində Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan qəhrəmanı” adlı virtual düşərgəyə start verilib.

COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artıraraq onlarda qəhrəmanlıq hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək, dövlətçiliyimizin qorunub saxlanması, gənclərimizin mərd və cəmiyyətə yararlı vətəndaş kimi formalaşması, eyni zamanda son günlər Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təzyiqi nəticəsində Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini əziz tutmaqdan ibarətdir.

Düşərgənin proqramına “Ölkənin tarixi”, “İlk tibbi yardım”, “Ərazidə sağ qalmaq”, “Səmti müəyyənetmə”, “Sağlam həyat tərzi”, “Döyüş sənəti növləri”, “Şahmat”, “Məntiqi kvest”, “Proqramlaşdırma”, “Liderlik” kimi 10 fərqli istiqamət daxildir.

Virtual düşərgəyə Bakı şəhəri və respublikamızın regionları ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan ümumilikdə 100 nəfər 12-15 yaşlı azərbaycanlı uşaqlar qatılıb.

Bu layihədə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Ekoklubun üzvləri (Axundov Kənan, Əsədova Əminə, Həsənova Dürdanə, Zeynalov Fəxri) də iştirak edir.

Layihə çərçivəsində gənclərə Qarabağ müharibəsi veteranları, Avropa və dünya çempionları, respublikanın tanınmış müəllimləri də daxil olmaqla peşəkar təlimçilər tərəfindən təlimlər keçirilir.

Düşərgəyə 25 iyul 2020-ci il tarixində yekun vurulacaq.