FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qarabağın flora və faunası" mövzusunda onlayn dərslər

14.12.2020

   14 dekabr 2020-ci il tarixndə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin biologiya müəllimi İradə Zeynalovanın təşkilatçılığı və 7a, 7b sinif şagirdlərinin iştirakı ilə “Qarabağın flora və faunası” mövzusunda onlayn dərslər keçirildi. Burada əsas məqsəd Qarabağda bitən relikt və endemik bitki növləri və həmin ərazidə yaşayan heyvan növləri haqqında məlumat toplamaq idi. Dərs virtual məktəb platforması üzərindən Microsoft Teams proqramı vasitəsilə keçdi. Müəllim əvvəlcə ekranda Xarıbülbülün şəklini nümayiş etdirərək, II Qarabağ müharibəsinin şəhidlərinin Anım gününün rəmzi olan Xarı Bülbül haqqında rəvayətlərdən danışdı.

Mövzunu sinifdə yaradılmış qruplarla birlikdə Garabagh.net saytından araşdırmağa qərar verildi. Şagirdlər qrupların adını seçərkən Zəfər, Dəmir Yumruq, Polad, Laçın, Zəngilan, Şuşa, Mübarizlər, Mehrab Niftəliyev (şagirdlərdən birinin şəhid olan əmisinin xatirəsinə qrupa belə ad verdik) və s. adlardan və öz profillərində Qarabağın və Şanlı qələbəmizin  rəmzlərindən istifadə etdilər.

Hər bir qrup ayrılıqda Qarabağda yaşayan heyvan növləri (məməlilər, quşlar, balıqlar, amfibilər, sürünənlər, həşəratlar və s) və orada bitən relikt və endedmik bitkilər haqqında öz təqdimatlarını etdi.

Təqdimatlardan aydın oldu ki, Qarabağ və ətraf bölgələrdə bitkilər geniş yayılmışdır. Bu bitkilərə Xarıbülbül, Azərbaycan ağgülü, Azşüalı dağçətiri, Qaya dovşanalması, Hirkan ənciri, Kamilla süsəni, Kuznetsov əsməsi, Nazikçiçək tıs-tıs, Şmidt dağlaləsi, Sağsağan gülxətmisi, Qafqaz qaş səhləbi, Gözəl təkəsaqqal, Araz palıdı, Qarabağ dağlaləsi, Hirkan şümşadı, Məxməri gərməşov, Ağacvari fındıq-ayı fındığı, Adi şabalıd, Şərq çinarı, Adi nar, Giləli qaracöhrə və başqalarını misal göstərmək olar. Dərsdə bu bitkilərdən bir neçəsi elektron şəkildə təqdim olundu.

Dağlıq Qarabağ və ətraf rayonların ərazisində 5307 növ fauna nümayəndələri olmuşdur ki, bu da ümumi faunanın 20,7%-ni təşkil edir. Bunlara müxtəlif növ kəpənəklər, Qafqaz quru qurbağası, gürzə, Sultan toyuğu, Məzar qartalı, Qafqaz meşəpişiyi, Qarabağ atı və s. aiddir.

Daha sonra ermənilərin Qarabağda və ətraf rayonlarda törətdiyi ekoloji terror flora və faunaya necə təsir göstərmişdir? sualı ətrafında müzakirələr apardıq.

Əldə olunan məlumatları ümumiləşdirmək məqsədilə müəllim əvvəlcədən hazırladığı elektron təqdimatdan istifadə etdi.