FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Imagine Cup Junior" adlı virtual süni intellekt yarışmasında şagirdlərimiz II yerə layiq görülüb

20.12.2020

      28-29 noyabr 2020-ci il tarixində “Microsoft” şirkəti tərəfindən “Imagine Cup Junior” adlı virtual süni intellekt yarışması keçirildi. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya, Rusiya məktəblilərinin də qatıldığı bu tədbirdə ölkəmizi sıralarında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11c sinif şagirdləri: Rza Hüseynov və Səid Süleymanovun da yer aldığı 5 nəfərlik komanda təmsil edirdi. Yarışmada komandanın işlərini liseyimizin şagirdi Rza Hüseynov yönləndirirdi.

   Tədbirin əsas məqsədi şagirdləri elmə və texnologiyaya həvəsləndirmək, “Microsoft” şirkətinin peşəkar “Data Science” alətlərindən istifadə etməklə onlarda süni intellekt barədə praktik biliklər formalaşdırmaq idi.

    Brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif edən komandamız bu yarışmada II yerə layiq görülüb. Komandamızın təklif etdiyi layihənin qısa məzmunu aşağıdakı kimidir: “Brakonyerlik edilən ərazilərdə silahlanmış şəxsləri təyin edə biləcək və süni intellekt dəstəkli kamera sisteminn quraşdırılması təklif edilir. Potensial bir cinayətkar aşkar edildiyi zaman yaxınlıqdakı dinamiklər işə düşərək, heyvanları qorxudub həmin ərazidən uzaqlaşdıracaq və ən yaxın meşə gözətçisini təhlükə barədə xəbərdar edəcək”.

     Şagirdlərimizin 2021-ci ildə keçiriləcək bu tipli yarışlarda sözügedən layihə ilə iştirak edəcəyi planlaşdırılır.

          Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!