FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

17.05.2016

Mayın 17-də  Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sonra Respublika Fənn Olimpiadalarına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov bildirib ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadaları keçirilir. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur.

Nazir Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayının artaraq, 27 500 nəfərə yüksəldiyini nəzərə çatdırıb. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsini müsbət hal kimi dəyərləndirən təhsil naziri ümumilikdə, 260 şagirdin qalib adına layiq görüldüyünü söyləyib.

Bütün bu uğurların qazanılmasında ümumi təhsil müssisələrində çalışan peşəkar müəllimlərin əməyini xüsusi olaraq qeyd edən nazir istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər arzulayıb. Təhsil naziri şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Tədbirdə məlumat verilib ki, 3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının I mərhələsində 27 500, ikinci mərhələsində 4 174, final mərhələsində isə 694 şagird iştirak edib. Texniki fənlər üzrə ( riyaziyyat, fizika, kimya, biologiya və informatika) 128, humanitar fənlər üzrə isə (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) 132 nəfər qalib adına layiq görülüb.

Liseyimizin 8 nəfər şagirdi qaliblər sırasındadır.

Həsənli Şamxal, Lətifov Şəmistan, Cəbiyeva Nərgiz, Eminov Namin, Orucov Balabəy, Camalov Əsədullah,         Namazov Abutalıb və Həsənli Ramala  Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələri təqdim olundu.