FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin məzunu ABŞ-ın Masaçuset Texnologiyalar İnstitutunun tələbəsi adını qazanmış ilk azərbaycanlı - Namazov Abutalıb Şahvələd oğlu

22.02.2021

 

    O, 2015//2016-cı dərs ilindən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil almağa başlayanda elə ilk gündən istedadını biruzə verdi. Son dərəcə iti təfəkkürü, dərin məntiqi ona təlim prosesində yüksək nəticələr əldə etməyə imkan qazandırdı. Beləliklə, o, fəaliyyətini liseyin divarları arasındakı sahə ilə məhdudlaşdırmadı, tezliklə bu həddi aşıb Respublika və Beynəlxalq statuslu olimpiadaların da dəfələrlə qalibi oldu. Hətta bir neçə il ardıcıl olaraq, iki fənn (informatika, riyaziyyat) üzrə RFO-nun qızıl medallarını qazandı. Qeyd edək ki, olimpiadalarda əldə etdiyi nəticələrə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi onu “”Birincilərin birincisi” nominasıyasına layıq gördü.

Namazov Abutalıb Şahvələd oğlunun istedadı təkcə texniki fənləri əhatə etmir, o həm də dərin dil duyumu, mükəmməl nitq bacarığı ilə də seçilir. Qəribə analitik təfəkkür sahibi olan məzunumuzun fikirlərini təmkinlə faktlara söykənərək sübut etməsi nəinki sinif yoldaşlarını, eyni zamanda, biz müəllimləri də heyrətləndirirdi. Davranışının və nitqinin hər anından aristokratlıq və ziyalılıq yağan Namazov Abutalıb Şahvələd oğlunun şagird olarkən qazandığı nailiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

           Beynəlxalq Olimpiadalarda əldə etdiyi nailiyyətlər:

  1. Beynəlxalq İnformatika Olimpiadası (2017) – gümüş medal;
  2. Avropa Yeniyetmələrin İnformatika Olimpiadası (2017) – bürünc medal;
  3. Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadası (2018) – gümüş medal;
  4. Avropa Yeniyetmələrin İnformatika Olimpiadası (2018) – bürünc medal – gümüş medal;
  5. Beynəlxalq Jautikov Olimpiadası (IZhO) (2019) – informatika – gümüş medal;
  6. Beynəlxalq Meqapolis Olimpiadası (2019) – gümüş medal;
  7. Beynəlxalq Jautikov Olimpiadası (IZhO) (2020) – informatika – qızıl medal;
  8. 32-ci Beynəlxalq İnformatika Olimpiadası (2020) – bürünc medal;
  9. Cənubi Qafqaz Açıq Çempionatında komanda uğuruna görə 2-ci dərəcəli diplom;
  10.  Cənubi Qafqaz Açıq Çempionatında komanda uğuruna görə 3-cü dərəcəli diplom;
  11.  Məktəblilərin Rusiya Açıq Çempionatında komanda 3-cü dərəcəli diplom;
  12.  ICPC Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi (2019) – I yer.

Respublika Fənn Olimpiadalarında əldə etdiyi nailiyyətlər:

  1. Məktəblilərarası Fənn müsabiqəsi (2016) – riyaziyyat – qızıl medal;
  2. Respublika Fənn Olimpiadaları (2016) – informatika – bürünc medal;
  3. Respublika Fənn Olimpiadaları (2017) – informatika – qızıl medal;
  4.  Respublika Fənn Olimpiadaları (2017) – riyaziyyat – bürünc medal;
  5.  Respublika Fənn Olimpiadası  (2018) – informatika – qızıl medal;
  6.  Respublika Fənn Olimpiadası (2018) – riyaziyyat – gümüş medal;
  7.  Respublika Fənn Olimpiadası (2019) – informatika – qızıl medal.
  8. RFO-da qazandığı nəticələrə görə “Birincilərin birincisi” nominasiyası (2019)

    Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin kollektivi bu günlərdə təhsil almaq üçün ABŞ-ın Masaçuset Texnologiyalar İnstitutuna yola düşən məzunumuzla fəxr edir, ona gələcəyin böyük azərbaycanlısı kimi yeni-yeni uğurlar arzu edir!

  Əziz Namazov Abutalıb Şahvələd oğlu, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi səninlə qürür duyur!