FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qarabağın tacı – Şuşa" adlı tədbir

11.05.2022

    11 may 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Şuşa ili”nə həsr olunmuş “Qarabağın tacı – Şuşa” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı və liseyimizin şagirdlərinin hazırladıqları rəngarəng musiqi nömrələri ilə davam etdi. Şagirdlərimiz Qarabağa, Şuşaya, bütövlükdə vətənə həsr olunmuş, eyni zamanda, digər xalq mahnılarını bir-birinin ardınca ifa etdilər. İfa olunan “Azərbaycan”, “Yaşayır Azərbaycan!”, “Şuşanın dağları”, “Evləri var, xana-xana”, “Azərbaycan qızıyam”, “Yollar”, “Cənnətim Qarabağ!”, “Qarabağ şikəstəsi” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Şagirdlərimiz eyni zamanda, filmlərimizdə səsləndirilmiş bir neçə mahnını da (“Sən ey uşaqlıq illəri”, “Ey həyat, sən nə qəribəsən?”) canlı ifa etdilər. “Arşın mal alan” filmində yer almış “Qızlar rəqsi”nin nümayişi xüsusi maraqla seyr edildi. Tədbir boyu aparıcıların musiqi əsərləri barədə verdikləri məlumatlar nümayiş olunan nömrələrlə növbələşdirilərək, təqdim olundu.

          Tədbirdə Şuşanın azad olunmasından sonra orada keçirlən “Xarıbülbül” musiqi festivalı barədə də məlumat verildi. Daha sonra Prezidentin nitqindən çıxarış edilmiş “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” cümlələri iştirakçılarda xüsusi ovqat yaratdı.

          Tədbirin sonunda 8c sinif şagirdi Rustəmov Əlinin ifa etdiyi “Xudayar təsnifi”ni və şagirdlərimizin xor oxuduğu “Mən bir millətəm!” mahnısını iştirakçılar göz yaşlarını çətinliklə boğaraq, dinlədilər.

          “Qarabağın tacı – Şuşa” adlı tədbiri araya-ərəsəyə gətirən UBR Nərmin Hüseynzadəyə və liseyin musiqi müəllimi Sevinc Seyidovaya rəhbərlik və kollektiv adından dərin təşəkkürümüzü bildirir, onlara can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!