FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Sağlam həyat naminə erkən nikaha yox deyək" adlı maarifləndirici seminar

01.12.2022

  01 dekabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində XI d sinif şagirdləri arasında “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı maarifləndirici seminar keçirildi. Seminarda biologiya müəllimi İradə Zeynalova, liseyin psixoloqu Sevda Nəbiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, sinif rəhbəri Rita Cabbarova iştirak etdi.

  Seminarda əvvəlcə psixoloq Sevda xanım çıxış edərək bildirdi ki, ölkə qanunlarına əsasən 18 yaşına qədər hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

  Daha sonra biologiya müəllimi İradə Zeynalova erkən nikahın başvermə səbəbləri barədə danışdı, illər üzrə statistika təqdim etdi və diqqətə çatdırdı ki, erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır.

   Tədbirdə Valeh və Rita müəllimlər də mövzu ilə bağlı fikirlərini bölüşdülər. Eyni zamanda, şagirdlər də müzakirələrdə aktiv şəkildə iştirak etdilər.

Sonda İradə müəllim mövzu ilə bağlı hazırladığı slaydları təqdim etdi.