FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şakir müəllimin 70 illik yubileyinə həsr olunmuş tədbir

02.03.2020

   28 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Akt zalında uzun müddət burada pedaqoji fəaliyyət göstərmiş riyaziyyat müəllimi Şakir Qurbanovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə direktor T. Talıbov başda olmaqla liseyin kollektivi ilə yanaşı, yubilyarın bir vaxtlar dərs dediyi tələbələri də iştirak edirdi.

 Əvvəlcə tədbirin təşkilatçısı, liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Aləmzər Mirzəyeva Şakir müəllimin tərcümeyi-halını qısaca  iştirakçıların diqqətinə çatdırdı və təbrik üçün hazırladığı ürək sözlərini ifadə edərək, tədbiri açıq elan etdi. Daha sonra söz liseyin direktoru Tariyel Talıbova verildi. Direktor Şakir müəllimlə işlədiyi illər, eyni zamanda, onun xarakteri, işə münasibəti barədə xatirələrini və qənaətlərini bölüşdü.

  Tədbirdə bir zamanlar liseydə riyaziyyat müəllimi işləmiş İxtiyar müəllim də iştirak edirdi və o da Şakir müəllimlə bağlı xatirələrini danişdi.

  Sonra liseyin məzunları çıxış edərək, Şakir müəllimin riyaziyyatı, xüsusilə həndəsəni necə asan yolla onlara izah etdiyini xüsusi vurğuladılar.

 Liseyin digər müəllimləri – İdrak, Zabul, Gülağa və Nüşabə müəllimlər də çıxış edərək, yubilyara ürək sözlərini çatdırdılar. Zabul müəllimin Şakir müəllimin fəaliyyətini kainata işıq saçan Günəşlə müqayisə edərək, ona bu ideyanı özündə ehtiva edən tablo hədiyyə etdi. Nüşabə müəllim isə lisey adından üzərində Şakir müəllimin rəsmi toxunmuş xalça bağışladı.

   Tədbirdə şeir deyən və müxtəlif musiqi parçaları ifa edən lisey şagirdlərinin (7c, 7ç və 8d sinif şagirdləri) təqdimatları məclisə xüsusi rəng qatdı və fərqli ab-hava gətirdi.

  Tədbirin sonunda Şakir müəllim tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi və onun üçün hazırlanmış yubiley tortunu əziz və sevimli qızı, hal-hazırda onun yolunu davam etdirən Şəhla müəllimlə birgə kəsdi.

  Qısa arayış: Şakir Qurbanov 24 fevral 1950-ci ildə Balakən rayon Katex kəndində anadan olmuşdur. Katex kəndində orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Ali təhsil aldıqdan sonra 1970-ci ildə Balakən rayon 1 №-li məktəbdə müəllimlik fəaliyyətinə başlamış, 1 ildən sonra işini riyaziyyat müəllimi kimi Katex kənd orta məktəbində davam etdirmiş və 1977-ci ilə kimi həmin məktəbdə işləmişdir.

 1977-78-ci illərdə Bakıdakı 8 №-li musiqi təmayüllü  gimnaziyada riyaziyyat müəllimi çalışmışdır.

  1978-ci ildən başlayaraq, fasiləsiz olaraq, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə əvvəlcə müəllim, 1982-ci ildən isə direktor müavini vəzifəsində çalışmışdır. Bu illər ərzində Şakir müəllim biliyi, bacarığı, məsuliyyəti və davranışı ilə lisey kollektivinin dərin hörmətini qazanmışdır.  Cəsarətlə demək olar ki, müəllim  üçün istər Azərbaycan, istərsə də beynəlxalq yanaşmalarda nəzərdə tutulmuş bütün keyfiyyətlər Şakir müəllimdə birləşib.

Liseyin kollektivi, dostları, yaxınları müəllimin yubiley ilini təbrik edir, ona can sağlığı, şad və firavan ömür arzulayır!